Bioqrafiya
Vudro Vilson 28 dekabr 1856-cı il tarixində ABŞ-ın Virciniya ştatının Staunton şəhərində anadan olub. Tam adı Tomas Vudro Vilsondur. Bir papazın oğlu olaraq dünyaya gələn Vilson 1875-1879-cu illərdə Prinston Universitetinin Hüquq Fakültəsində bakalavr təhsilini başa vurmuşdur.
1880-ci ildə Virciniya Universitetində doktorantura çalışmalarına başlamış, lakin xəstələndiyi üçün bu işi yarıda qoymaq məcburiyyətində qalmışdır. 1883-cü ildə Baltimorda yerləşən Con Hopkins Universitetində doktorantura çalışmalarına davam etmiş və 1886-cı ildə "Kongressional Hökumət" adlı dissertasiyası ilə doktorluq dərəcəsini almışdır. 1889-cu ildə "Dövlət" adlı əsərini yayımlamışdır.
1890-cı ildən Prinston Universitetinə keçərək burada hüquq və iqtisadiyyat siyasəti dərsləri verməyə başlamışdır. 1902-ci ildə Prinston Universitetinin rektoru seçilmiş və bu postda 8 il fəaliyyət göstərmişdir. 1910-cu ildə Demokrat Partiyasından siyasətə atılmış və 1911-ci ildə Nyu-Cersinin qubernatoru seçilmişdir.
1912-ci ildə prezidentlik üçün Demokrat Partiyasından namizəd olmuş və 4 mart 1913-cü il tarixində ABŞ-ın 28-ci prezidenti olaraq vəzifəyə başlamışdır. Vilson prezidentlik dövründə "Yeni Azadlıq" adını verdiyi hökumət proqramını həyata keçirmişdir. Daxili siyasətdə bir sıra islahatlar həyata keçirmiş, ancaq xarici siyasətdə sərt bir yanaşma sərgiləmişdir.
I Dünya Müharibəsi zamanı ABŞ-ın neytral qalmasını təmin etmiş, lakin müharibənin irəliləyən dövrlərində ABŞ-ın müharibəyə girməsi üçün Konqresdən icazə istəmişdir. Müharibə sonrası dövrdə "On Dörd Prinsip" planını təqdim etmiş və 1919-cu ildə Nobel Sülh Mükafatına layiq görülmüşdür. Vilson 3 fevral 1924-cü il tarixində ABŞ-ın Vaşinqton D.C.
şəhərində 68 yaşında dünyasını dəyişmiş və Bethlehem Şapelində dəfn olunmuşdur.